Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda elektrik enerjisində kəsintilər baş verib.
APA xəbər verir ki, bu barədə həmin ölkələrin aidiyyəti qurumları məlumat yayıb.
Məlumata görə, sözügedən dörd ölkədə elektrik kəsintiləri demək olar ki, eyni vaxtda baş verib.
Özbəkistanın Energetika Nazirliyinin açıqlamasına görə, qonşu ölkələrin birinin elektrik şəbəkəsində qəza baş verib və bu, Mərkəzi Asiyanın ümumi elektrik sisteminə təsir edib və Özbəkistanın Surxandarya regionunda kəsintilər yaşanıb.
Qəzanın hansı ölkədə baş verdiyi qeyd olunmayıb. Bildirilib ki, elektrik enerjisinin verilməsi tədricən bərpa edilir.
Qazaxıstan mediası 500 kilovatlıq üç elektrik xəttində kəsintilərin baş verdiyinə dair məlumat yayıb. Nəticədə Almatı regionunun bir sıra rayonları işıqsız qalıb.
Tacikistanın paytaxtı Düşənbə və bir sıra digər şəhərlərdə də elektrik enerjisi kəsilib. Hazırda təmir işləri aparıldığı və enerjinin verilişinin tezliklə bərpa olunacağı qeyd olunub.
Qırğızıstanın paytaxtı Bişkekdə də eyni hal yaşanıb. Belə ki, paytaxtın bir sıra yerlərində elektrik enerjisində kəsintilər baş verib.
Hər dörd ölkədə təmir işləri aparıldığı və elektrik enerjisinin verilişinin tezliklə bərpa ediləcəyi bildirilir.