Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Ermənistanın Rusiya taxılından imtina etmək planları ilə bağlı məlumatı əsassız deyil.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Ermənistanın Rusiya taxılından imtina etmək planları ilə bağlı açıqlamasını şərh edən Peskov SVR-in xəbərlərinin heç vaxt əsassız olmadığını söyləyib.
O əlavə edib ki, Rusiya və Ermənistanın ikitərəfli əməkdaşlıqla bağlı bir çox sualları var: "Kreml İrəvanla ikitərəfli əməkdaşlığın davam etdirilməsinə ümid edir".
Qeyd edək ki, SVR Ermənistanın Rusiya taxılından imtina etmək və daha baha qiymətə Ukraynadan taxıl almaq istəməsi barədə məlumat yayıb. Məlumata görə, rəsmi İrəvan Brüsselə aradakı qiymət fərqini Rusiyanın dondurulmuş aktivləri hesabında ödəməsini təklif edib.