Bank Of Baku

Reuters: Belarusdan Rusiyaya benzin və dizel ixracı iyulda rekord həddə çatıb

Reuters: Belarusdan Rusiyaya benzin və dizel ixracı iyulda rekord həddə çatıb
# 05 avqust 2026 21:21 (UTC +04:00)

Belarusdan Rusiyaya benzin və dizel yanacağının ixracı iyul ayında rekord səviyyəyə yüksəlib.

Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, yanacaq tədarükünün artmasına Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində Rusiya neft emalı zavodlarında yaranan planlaşdırılmamış fasilələr və ölkədə müşahidə olunan yanacaq qıtlığı səbəb olub.

"Reuters"in hesablamalarına əsasən, iyulun əvvəlində Rusiyada benzin istehsalı mövsümi orta istehlakın təxminən 65 faizi səviyyəsinə enib. Dizel istehsalı isə daxili tələbatı cəmi qarşılayacaq həddə düşüb.

Topdansatış və pərakəndə yanacaq qiymətlərinin artması fonunda Rusiya hökuməti dizel ixracına qadağa tətbiq edib. Qadağa əvvəllər bağlanmış müqavilələr və hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil edilməyib. Benzin və aviasiya yanacağının ixracına məhdudiyyətlər isə daha əvvəl qüvvəyə minib.

Mənbələrin məlumatına görə, Belarusdan Rusiyaya dəmir yolu ilə benzin tədarükü iyul ayında iyunla müqayisədə 13 faiz artaraq 212 min tona çatıb. Dizel yanacağının tədarükü isə iki dəfə artaraq 162 min ton olub.

Eyni zamanda, aviasiya yanacağının ixracı iyundakı 16 min tondan iyulda 13,1 min tona enib.

Belarus Rusiyaya yanacağı ümumi illik emal gücü 24 milyon ton olan iki neft emalı zavodundan göndərir. Hər iki müəssisə Rusiya nefti emal edir.

Ümumilikdə, cari ilin ilk yeddi ayında Belarusdan Rusiyaya dəmir yolu ilə benzin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə artaraq təxminən 665 min tona çatıb. Dizel tədarükü isə təxminən yeddi dəfə artaraq 418 min ton təşkil edib.

Qeyd olunur ki, Rusiya bu dövrdə Hindistan, Qazaxıstan və Mərakeşdən də benzin idxal etməyə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR