Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ukraynanın "Naftoqaz" şirkəti Rusiyanın “Qazprom” şirkətinin Donbas regionuna nəql etdiyi qaza görə tələb olunan 670 mln. dolları ödəmək niyyətində deyil.
“APA-Economics”in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, "Naftoqaz" bəyanatında 2015-ci ilin noyabr ayından “Qazprom”dan qaz almadığını bildirir.
Ukrayna tərəfi Kiyevin nəzarətində olan ərazilərə nəql olunan qaza görə müvafiq ödənişlərin edildiyini vurğulayıb. “Naftoqaz” qarşılıqlı iddiaların arbitraj məhkəməsində həll olunacağına ümid etdiyini bəyan edib.
“Naftoqaz”dan həmçinin bildirilib ki, “Qazprom”un “Proxorovka” və “Platovo” stansiyalarından qaz alınmayıb.
Qeyd edək ki, bu ilin birinci rübündə “Qazprom” Ukraynanın cənub-şərqinə təxminən 995 milyon kubmetr qaz nəql edib.