APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bildirib ki, V. Kulişov Ukraynanın şərqindəki terrorçulara silah göndərilməsi və onların maliyyələşdirilməsində ittiham olunur: “Bu gün bizim Luqansk vilayəti üzrə istintaq şöbəmiz Ukrayna vətəndaşlarının və dünya ictimaiyyətinin bildiyi faktlar əsasında Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Rusiya Sərhəd Xidmətinin rəhbərinə qarşı cinayət işinə başlayıb. Biz onu Ukrayna ərazisindəki terrorçuluğu maliyyələşdirmək və dəstəkləmək, Donetsk və Luqansk vilayətlərindəki terror təşkilatlarına qanunsuz silah göndərmək ittiham irəli sürürük”.
SBU daha bir Rusiya vətəndaşı, məşhur jurnalist, “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (VQTRK) direktor müavini Dmitri Kiselyov haqqında da cinayət təqibinə başlandığını açıqlayıb. V. Nalivayçenko D. Kiselyovun terrorçuluğun maliyyələşdirilməsində ittiham olunduğunu deyib.
Qeyd edək ki, Rusiyada Ukraynanın daxili işlər naziri Arsen Avakov və Dnepropetrovsk vilayətinin qubernatoru, məşhur oliqarx İqor Kolomoyski haqqında cinayət işi açılıb.