Bakı. Məlahət Nəcəfova - APA. “18 fevral tarixində Ermənistanda keçirilən prezident seçkiləri digər seçkilərlə müqayisədə inkişafın olduğunu nümayiş etdirdi, lakin namizədlərin zəif təmsilçiliyi ucbatından tam rəqabətlilik şəklində keçməyib”. APA-nın məlumatına görə, bu barədə ATƏT Parlament Assambleyası müşahidəçilərinin Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyində bildirilir. Bəyanatda deyilir ki, seçki prosesində əsas demokratik azadlıqlar, o cümlədən, azad kampaniya aparmaq hüququ müşahidə edilib.
“Bu seçki inkişafın olduğunu göstərdi, lakin əsl rəqabət yox idi. Kampaniya ümumilikdə sülh şəraitində keçib və yaxşı təşkil olunub. Şəffaflığın ən əsas meyarları həyata keçirilib”, - deyə ATƏT Parlament Assambleyasının müşahidəçi missiyasının rəhbəri Tonino Pitsula söyləyib. O, seçici siyahılarının yaxşılaşdırılmasına dair cəhdləri də xüsusi vurğulayıb. Buna baxmayaraq, missiya əsasən yerlərdə inzibati resurslardan sui-istifadəni, seçkidə və kampaniya işlərində iştirak etmək üçün dövlət qulluqçularına edilən təzyiqləri də qeyd edib: “Mediada seçicilərin məlumatlanması üçün yaxşı şərait yaradılıb. Lakin bəzi nüfuzlu siyasi güclərin namizədlər sırasında olmaması seçicilər arasında inamın olmamasına və süstlüyə səbəb olub”.