APA-nın Ermənistan xəbər saytlarına istinadən verdiyi məlumata görə, 1500 məntəqə seçki komissiyasındakı üzvlərinin informasiyaları və aparılan monitorinq nəticəsində konqres belə nəticəyə gəlib ki, ölkədə növbəti biabırçı seçki keçirilib.
Bəyanatda deyilir ki, Sarkisyan rejimi saxtakarlıq məqsədilə müxtəlif üsullardan – hazırda ölkədə olmayan 700 min nəfərin səsindən, pasportlara vurulan möhürün asanlıqla silinməsi nəticəsində bir nəfərin təkrar-təkrar səs verməsi, açıq səsvermə, seçicilərin satın alınması, seçki komissiyaları üzvlərinin, jurnalistlərin qorxudulması və satın alınması, seçki bülletenlərinin topa-topa qutulara atılması, səslərin sayılması zamanı saxtakarlıq kimi mexanizmlərdən istifadə edib: “Bu seçki mövcud rejimə və şəxsən Serj Sarkisyana xalqın kin və nifrətinin dərəcəsini nümayiş etdirdi. Məlum oldu ki, xalqın iradəsi ortaya qoyulmadan və beynəlxalq birliyin müvafiq münasibəti olmadan bu rejim seçki saxtakarlığından vaz keçmək niyyətində deyil. Beynəlxalq birlik bu rejimə dayəlik etməyə və Ermənistandakı qanunvericilik manipulyasiyalarını islahat kimi təqdim etməyə son qoymalıdır”.