Bakı-APA. Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın tərəfdarları fevralın 19-u axşam saatlarında Mərkəzi Seçki Komitəsinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları seçki nəticələrinin kütləvi saxtalaşdırmasına etiraz ediblər.
Qeyd edək ki, etirazçılar “Raffi – prezident, Serj - get” şüarı səsləndirib. Aksiyanın sonunda “İrs” partiyasının İdarə heyətinin üzvü Stepan Safaryan aksiya iştirakçılarını sabah İrəvanın “Azadlıq” meydanında toplaşmağa çağırıb.
Xatırladaq ki, Ermənistan MSK-sı bu gün Serj Sarqsyanı ölkədə keçirilmiş prezident seçkilərində qələbə çaldığını elan edib. Serj Sarqsyan ilkin hesablamalara görə 58,64% səs toplayıb, “İrs” partiyasının rəhbəri Raffi Ovanisyana isə seçicilərin 36,75 faizi səs verib.