Bakı. Anaxanım Hidayətova – APA. Ermənistanda seçki saxtakarlığına qarşı etirazlar saxtakarlığa dəstək verən xarici ölkələrə qarşı da yönəlib. APA-nın Ermənistan xəbər saytlarına istinadən verdiyi məlumata görə, onlarla ictimai fəal bu gün Rusiya, Fransa və İtaliyanın İrəvandakı səfirliklərinin binası qarşısında piket keçirib. Məhz bu ölkələrin rəhbərləri Serj Sarkisyanı prezident seçilməsi münasibətilə təbrik ediblər.
Piketçilər S. Sarkisyanı legitimləşdirmək cəhdlərinə son qoymağı tələb ediblər. Fəallar ingilis və fransız dilində “Siz saxta prezidenti təbrik edirsiniz” yazılmış plakat qaldırıblar. Gənc fallardan biri isə “Sarkisyanı sizə hədiyyə edirik” sözləri yazılmış plakatla birlikdə Fransa səfirliyinin hasarını aşa bilib. Lakin polislər onu yaxalayaraq bayıra çıxarıblar.
Piketçilər ABŞ və Polşa səfirlikləri qarşısında da aksiya keçirəcəklərini deyiblər.