APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın müdafiə naziri Hüseyn Deqhan Moskvada rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşündən sonra bildirib.
“Biz “S-300” raket-zenit kompleksləri ilə bağlı məsələni müzakirə etdik. Hər iki tərəf əzm nümayiş etdirib və bu müqavilənin reallaşdırılması üçün iradənin olduğunu bildirib. Biz bir ay müddətində müqavilə ilə bağlı bütün aspektlərin müzakirə olunması, kontraktın hazırlanması və kontraktın ilin sonunadək reallaşdırılmasına dair razılığa gəldik”, deyə Deqhan bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 13-də S-300 zenit-raket sistemlərinin İrana satışına qoyulan qadağanı ləğv edib.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Rusiya ərazisindən İran ərazisinə raket komplekslərinin tranzit daşınmasına və Rusiyadan kənarda İrana təhvil verilməsinə qoyulmuş qadağa aradan qaldırılır.