Moskva. Fərid Əkbərov - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-la Rusiya arasında Suriya ilə bağlı anlaşmanın bəzi detallarını açıqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Lavrov Rusiya ilə ABŞ arasındakı razılaşmanın həm "Cəbhət ən-Nüsra" ilə, həm də İŞİD-lə mübarizəyə aid olduğunu bildirib: “Con Kerri ilə təsdiq etdiyimiz sənədlərdə açıq yazılıb ki, biz həm "Cəbhət ən-Nüsra"ya, həm də "İŞİD"ə qarşı fəaliyyətimizi koordinasiya edəcəyik”.
S. Lavrov Vaşinqtonun Suriya ilə bağlı razılaşmanın ictimaiyyətə açıqlanmasında tərəddüd etdiyini söyləyib: “Biz bu addıma hazırıq. Biz, indi bu razılığın ictimaiyyətə açıqlanması üçün çalışacağıq. Gizli diplomatiya yolu ilə getmək istəmirik. Bizim amerikalı tərəfdaşlarımız isə hələlik tərəddüd edirlər. Bu addım problemin demokratik yolla həlli istəyini göstərmir. Demokratiya isə şəffaflıq tələb edir".