Bakı – APA. Krım məsələsinin həlli Ukraynanın yeni prezidentinin fəaliyyətində əsas prioritetlərdən biri olacaq. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu növbədənkənar prezident seçkilərinin qalibi Pyotr Poroşenko deyib. O bildirib ki, Krımı Ukraynaya qaytarmaq və orada yaşayan, hazırda ciddi təzyiqlərlə üzləşən ukraynalıları müdafiə etmək onun əsas vəzifələri sırasındadır.
P. Poroşenko hazırkı baş nazir Arseni Yasenyukun öz vəzifəsinə qalacağını da söyləyib: “Beynəlxalq kreditorlarla, Beynəlxalq Valyuta Fondu ilə ölkəyə maliyyət yardımı cəlb etmək məqsədilə aparılan əməkdaşlıq ölkədə vəziyyətə müsbət təsir edib. Mənim Arseni Petroviçin fəaliyyətinə hər hansı iradım yoxdur və onu dəyişmək üçün səbəb də yoxdur”.