Bank Of Baku

Rusiya geniş antiterror cəbhəsinin yaradılmasını istəyir

Rusiya geniş antiterror cəbhəsinin yaradılmasını istəyir
# 24 may 2016 15:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Çeçenistanın paytaxtı Qroznı şəhərində Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısı keçirilir.

 

APA-nın Rusiya bürosunun xəbərinə görə, iki gün davam edəcək toplantını giriş sözü ilə açan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, dünyada ən böyük təhlükələrdən biri terrorçuluqdur:

 

"İştirakçıların arzusunu nəzərə alaraq, toplantının ilk müzakirə mövzusunu ekstremizm və terrorçuluğa qarşı mübarizəni seçdik. Məlum problemin Çeçenistanın paytaxtı Qroznı şəhərində müzakirə etməyimiz simvolik xarakter daşıyır. Qroznı bu şər qüvvənin dəhşətli təzahürləri ilə qarşılaşıb. Hesab edirəm ki, Rusiyanın terrorçuluğa qarşı mübarizə sahəsindəki təcrübəsinə ehtiyac var. Əminik ki, beynəlxalq hüquq normaları və prinsipləri bazasında BMT-nin mərkəzi koordinasiyası ilə geniş antiterror cəbhəsinin yaradılması bizim görüşümüzün bütün iştirakçılarının maraqlarına cavab verir. Rusiya öz tərəfindən bərabərhüquqlu qarşılıqlı fəaliyyət, suverenliyə və dövlətlərin ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama prinsipi əsasında belə birgə fəaliyyətə hazırdır".

 

N. Patruşev dünya ictimaiyyəti üçün aktual olan miqrasiya məsələsinə də toxunub: "Münaqişə zonalarından qayıdan döyüşçülərdən gələn təhlükələri qiymətləndirməmək olmaz. Ölkələr arasında əvvəl olduğu kimi operativ məlumatlar mübadiləsi çatışmazlığı var. Ona görə də toplantıda ikinci əsas məsələ kimi regional və beynəlxalq təhlükəsizliyə təhdid olan miqrasiya prosesi müzakirə mövzu kimi qoyulub”.

 

Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısında 70-dən ölkənin nümayəndələri iştirak edir. Toplantıda ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, miqrasiya prosesləri və beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunur.

 

Qeyd edək ki, toplantında Azərbaycanı Prezident Administrasiyasının sədri, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev, Prezident Administrasiyasının sədr müavini, hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri  Fuad Ələsgərov, Rusiya prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Sergey Melikov və digərləri iştirak edirlər.

 

Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin mətbuata açıqlamasında N. Patruşevin toplantı çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR