Moskva. Fərid Əkbərov - APA. “Yaxın Şərq, İranın nüvə problemi, Kipr problemi, Cənubi Qafqazdakı vəziyyət, Rusiya-NATO münasibətləri geniş müzakirə olundu. Əlbəttə ki, Ukrayna böhranına da toxunduq. Bu ölkədə baş verən hadisələri, mayın 25-də keçirilən prezident seçkilərini müzakirə etdik. Ukraynada baş verənlərlə bağlı Rusiya öz mövqeyində qalır. Moskva hesab edir ki, mülki əhaliyə qarşı güc tətbiqi yolverilməzdir. Donetskdə baş verən hadisələrdən yəqin ki, hamının xəbəri var. Ukrayna silahlı qüvvələrinin Donetskdə keçirdiyi əməliyyat dayandırılmalıdır. Kiyev hakimiyyətini ölkənin Şərq regionları ilə dialoqa çağırırıq".
APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə keçirdiyi brifinqdə deyib.
Rusiya XİN başçısı türkiyəli həmkarı ilə baş tutan təkbətək və nümayəndə heyətləri ilə birgə görüşün çox səmərəli keçdiyini söyləyib: "Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlər əsas müzakirə mövzusu olub. Türkiyə Rusiyanın əsas iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi artmaqda davam edir. Rusiyanın regionları ilə Türkiyənin regionları arasında əməkdaşlıq var".
Ə. Davudoğlu isə çıxışında açıq və dostcasına görüşə görə Sergey Lavrova təşəkkürünü bildirib. Türkiyə və Rusiya arasındakı münasibətlərin bütün dünyaya örnək olduğunu vurğulayan Ə. Davudoğlu iki ölkə arasında bütün sferalarda inkişafın sürətlə getdiyini qeyd edib. O, rusiyalı həmkarı ilə görüşdə Krımdakı vəziyyəti və Krım tatarlarının vəziyyətini də müzakirə etdiklərini açıqlayıb: “Türkiyə Krım tatarlarının vəziyyətindən narahatdır. Baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Putin telefon diplomatiyası vasitəsilə tez-tez bu barədə müzakirələr aparırlar. Biz müntəzəm dialoqun aparılmasının tərəfdarıyıq. Biz Krım tatarlarının vəziyyəti ilə bağlı həm Ukrayna, həm də Rusiya ilə dialoqun aparılmasını dəstəkləyirik".