Bakı. Cavid Zeynallı – APA. Rusiyada fəaliyyətinə qadağa qoyulan “Sağ sektor”un tərəfdarları kütləvi iğtişaşların təşkilində ittiham olunurlar.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş prokuroru Yuri Çayka Federal Şuraya göndərdiyi məruzədə bildirib. Məruzədə Ukrayna millətçi hərəkatı olan sektor tərəfdarları dövlət çevrilişinə cəhddə də günahlandırılır.
Baş prokuror məruzəsində bildirib ki, kütləvi iğtişaşlara, icazəsiz aksiyalara çağırış edən “Sağ sektor” üzvləri daha çox “VKontakte” sosial şəbəkəsindən istifadə etdiyi üçün giriş məhdudlaşdırılmalıdır.
Qeyd olunub ki, “Sağ sektor” Partiyasının sabiq lideri Dmitri Yaroş təxribatçı qrup yaratmağı və Rusiyaya göndərməyi vəd edib.