Moskva. Fərid Əkbərov - APA. “Qərb Rusiyaya təzyiq göstərmək üçün bəhanə axtarmaqla məşğuldur. Onların Rusiyaya təzyiq göstərmək cəhdləri heç vaxt nəticə verməyib”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiyanı bu gün dünyada mövcud olan bütün konfliktlərə görə günahkar çıxarırlar: “Suriyaya silahı biz satmışıq, Liviyaya filan silahı biz göndərmişik və s. Oradakı münaqişələrin yaranmasında biz günahkarıq. Yeganə istisna İsrail-Fələstin konfliktidir ki, Rusiyanı bu konfliktdə hələlik günahkar çıxarmayıblar”.
S. Lavrov Qərbin bu bəhanələrinin çox gülünc və önəmsiz göründüyünü söyləyib: “Rusiya Ukrayna böhranının tənzimlənməsində hər kəslə əməkdaşlığa hazırdır. Lakin kimsə bütün xalqın, o cümlədən cənub-şərqdə yaşayan əhalinin qanuni tələblərini nəzərə almadan, Ukrayna cəmiyyətinin bir hissəsinin legitimləşdirilməsində maraqlıdır. Biz bu haqda demişik, bundan sonra da deyəcəyik”.