Bakı-APA. Ukrayna prezidenti Petro Poroşenko gələn həftə ABŞ-a səfər edəcək.
APA-nın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti xəbər verib.
Bildirilir ki, səfər ərəfəsində P.Poroşenko ilə BMT baş katibi Pan Qi Mun arasında telefon danışığı olub. Tərəflər Donbasdakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı P.Poroşenko ukraynalı pilot Nadejda Savçenkonun azad olunması üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.
Qeyd edək ki, martın 22-də Rusiyada həbsdə saxlanılan Ukrayna Hava Qüvvələrinin pilotu Nadejda Savçenkoya hökm oxunub. Məhkəmənin qərarı ilə N. Savçenko 22 il müddətinə azadlıqdan məhrum edilib. Ukraynalı pilot həmçinin 30 min rubl məbləğində cərimə edilib.