Bakı. Rüfət Əhmədzadə – APA. Ukrayna xarici işlər naziri Pavel Klimkin ölkəsinin NATO-ya üzv olmadan alyansın yaxın müttəfiqi kimi çıxış edəcəyini bəyan edib.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, nazir qeyd edib ki, Ukrayna ilə yanaşı, Moldova və Gürcüstan da NATO-nun yaxın müttəfiqləri olacaq.
P. Klimkin sentyabr ayında Uelsdə keçiriləcək NATO-nun zirvə görüşündə alyansın bu üç ölkə ilə bağlı əməkdaşlığında əsas prinsiplərin dəqiq müəyyənləşəcəyini bildirib.
Bunu “NATO-nun tarixində olmayan yenilik” kimi dəyərləndirən ukraynalı nazir əlavə edib ki, Ukrayna alyansa üzv olmasa belə, bölgədə təhlükəsizliyin təmin olunması üçün alyans üzvlərinin hər cür dəstəyindən yararlana biləcək: “Lakin dəqiq hansı imkanlardan faydalana biləcəyimiz zirvə görüşündən sonra məlum olacaq”.