Bank Of Baku

I Beynəlxalq Muğam Festivalında iştirak edəcək gənc ifaçıların seçim müsabiqəsinə start verilib

I Beynəlxalq Muğam Festivalında iştirak edəcək gənc ifaçıların seçim müsabiqəsinə start verilib
# 05 mart 2009 10:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA Bu gün Novruz bayramı ərəfəsində Azərbaycanda ilk dəfə olaraq keçiriləcək I Beynəlxalq Muğam Festivalında iştirak edəcək gənc muğam ifaçılarının I Respublika Muğam Müsabiqəsinə start verilib. APA-nın məlumatına görə, müsabiqənin açılışında təhsil naziri Misir Mərdanov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov I Beynəlxalq Muğam Festivalının keçirilməsini çox yüksək qiymətləndirdiyini bildirib: “Azərbaycan bu festivalın təşkilatçısı kimi bu festivala çox ciddi şəkildə hazırlaşır. Azərbaycan tərəfindən bu mötəbər festivalda iştirak edəcək gənc ifaçıları müəyyənləşdirmək üçün bu gün buraya yığışmışıq. Bu gün müsabiqənin ilk mərhələsi başlayır. Bu müsabiqəyə 100-dən artıq muğam ifaçısı öz sənədini təqdim edib və onların arasından 27 nəfər seçilib”. M. Mərdanov çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə bu vəzifəni daşıdığı müddət ərzində həyata keçirdiyi layihələrə görə təşəkkürünü bildirib: “Əbülfəs Qarayev bu cür işləri ilə bu vəzifəni layiqincə həyata keçirir. O, Qarayevlər nəslinin layiqli davamçısı olduğunu sübut edir”.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev I Beynəlxalq Muğam Festivalının həyata keçirilməsinin Azərbaycan xalq sənətinin inkişafı üçün dəyərli layihə olduğunu diqqətə çatdırıb. Nazir deyib ki, Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyinin sponsorluğu ilə “Muğam aləmi” adı altında baş tutacaq. Martın 17-də start götürəcək I Beynəlxalq Muğam Festivalı martın 25-dək davam edəcək.

Qeyd edək ki, bu gün müsabiqədə iştirak edən 27 gənc muğam ifaçısının püşkatması da keçirilib. Müsabiqədə 27 muğam ifaçısının iştirakı nəzərdə tutula da, onların 24-ü müsabiqənin püşkatmasına qatılıb. Püşkatmada iştirak etməyən üç gənc muğam ifaçısı – Abgül Mirzəliyev, Güldanə Cavadzadə və Rəvanə Ərəbova münsiflər heyətinin qərarı ilə müsabiqədən kənarlaşdırılıb. Müsabiqənin sonunda dörd iştirakçı festivalda iştirak etmək hüququ qazanacaq. İştirakçılar xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Siyavuş Kərimi, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Zöhrabov və Azərbaycan Mədəniyyət Dostları Fondunun nümayəndəsi İbrahim Quliyevin təmsil olunduğu münsiflər heyəti tərəfindən seçiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR