Bank Of Baku

Martın 18-20-də Bakıda “Muğam aləmi” beynəlxalq elmi simpoziumu keçiriləcək

Martın 18-20-də Bakıda “Muğam aləmi” beynəlxalq elmi simpoziumu keçiriləcək
# 17 mart 2009 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Tarix Muzeyində 18-20 mart tarixlərində Bakıda keçiriləcək “Muğam aləmi” beynəlxalq elmi simpoziuma həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, simpozium Bakıda keçiriləcək “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq. Festivalın prezidenti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. Beynəlxalq festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə gerçəkləşəcək. Mətbuat konfransında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, martın 18-dən etibarən start götürəcək bu simpoziumda ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistanın alimləri və musiqi xadimləri iştirak edəcəklər. Simpoziuma dəvət olunalar arasında Avropa, Amerika və Asiyada ənənəvi şərq musiqini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı var. Simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York şəhər Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Kaliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, eləcə də MDB ölkələrindən Özbəkistandan Rövşən Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən “Akademiya makoma”nın direktor Abduvali Abduraşitov iştirak edəcəklər. Seksiyaların iclasında Azərbaycanın, İranın, Türkiyənin, Pakistanın, Hindistanın, Tunisin, Özbəkistanın və Tacikistanın musiqi mədəniyyətinə həsr olunan məruzələr dinlənəcək. Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə bildirib ki, simpoziumun işinə BBC radiosunun “Word Routes” tanınmış musiqi proqramının aparıcıları, tanınmış musiqi xadimləri professor Lyusi Düran və Ceyms Parkin, “Pan Rekords” kampaniyasının sahibi Bernard Kleykami, Şərq və Asiya musiqisinin Böyük Britaniyada təbliğçisi “Azian Serkyüt” kampaniyasının meneceri Viram Casani və digər tanınmış simalar qatılacaqlar: “Beynəlxalq muğam festivalı və müsabiqəsi kimi, bu simpozium da Azərbaycan muğamının inkişafı və bütün dünyada populyarlaşmasına, ənənəvi Azərbaycan musiqisinin dünyanın müasir musiqi müstəvisində daha da əhəmiyyətli yer tutmasına geniş imkanlar yaradacaq. Beynəlxalq muğam və muğama qohum musiqi ənənələrinə həsr olunmuş simpozium əslində tarixi bir əhəmiyyət kəsb edir. Belə bir simpozium ilk dəfədir ki, Azərbaycan keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR