Bank Of Baku

Martın 20-də Azərbaycanda “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının təntənəli açılışı keçiriləcək

Martın 20-də Azərbaycanda “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının təntənəli açılışı keçiriləcək
# 17 mart 2009 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 20-də Azərbaycanda ilk dəfə keçirilən “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının təntənəli açılışı keçiriləcək. APA-nın məlumatına görə, bu fikirləri bu gün keçirilən mətbuat konfransında çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib ki, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Elmi Simpozium, muğam müsabiqəsi və festival konsertləri təşkil olunacaq: “Bu ilin martında I Respublika Muğam müsabiqəsi keçirilib. Müsabiqəyə 100-dən artıq ərizə təqdim olunub, ilkin seçim turundan I tura 27 namizəd, II tura 10 namizəd keçib. Azərbaycanı Beynəlxalq Muğam Müsabiqəsində respublika müsabiqəsinin qalibləri Təyyar Bayramov (I yer), Vəfa Orucova (II yer), Babək Niftəliyev (III yer), diplomantlar Arzu Əliyeva və Səbuhi İbayev təmsil edəcəklər”. F. Əlizadə deyib ki, Beynəlxalq Muğam Müsabiqəsi 22-24 mart tarixlərində Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 67 iştirakçı qatılacaq. Bu müsabiqədə I “qran-pri”nin sahibinə 20.000 avro, I yerin qalibinə 15.000 avro, II yerin qalibinə 10.000, III yerin qalibinə isə 5000 avro dəyərində pul mükafatı təqdim ediləcək. Festival konsertlərində 10 ölkədən –İraq, Mərakeş, İran, Suriya, İtaliya, Çin, Hindistan , Misir, Özbəkistan, Azərbaycandan musiqiçilər çıxış edəcəklər. Konsertlər beş gün müddətində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Konsertlərdə Azərbaycan muğam ustalarının ifasında 7 əsas Azərbaycan muğamı ifa olunacaq. Muğamları Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Nuriyyə Hüseynova, Zabit Nəbizadə ifa edəcəklər. Eyni zamanda festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertlərdə F. Əmirovun “Şur”, “Kürd Ovşarı”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamları, Niyazinin “Rast” simfonik muğamı, Aqşin Əlizadənin “Muğamvari” simfoniyası, Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirovun “Füzuli” kantatası səslənəcək. Azərbaycan Dövlət Simfonik Orkestrinə bu konsertlərdə İtaliyadan Silvio Sergio Barbato və Azərbaycandan Fəxrəddin Kərimov dirijorluq edəcək. Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan bəstəkarlarının muğam operaları – Ü. Hacıbəylinin “Leyli və Məcnun” operası, Z. Hacıbəyovun “Aşıq Qərib” operası nümayiş olunacaq. Caz Mərkəzində etno-caz musiqisi axşamları keçiriləcək. Azərbaycan Dövlət Muğam Teatrında “Azərbaycan muğamının dostları” ilə görüş tədbiri də təşkil olunacaq. Festivalın açılış mərasimi martın 20-də Beynəlxalq Muğam Mərkəzində, bağlanış mərasimi isə martın 25-də Heydər Əliyev Sarayında keçiriləcək. Bakıda keçiriləcək I Beynəlxalq Muğam Festivalında iştirak etmək üçün YUNESKO-nun baş direktoru Koisiro Matsuura da Azərbaycana səfər edəcək. Səfər çərçivəsində martın 19-da baş direktorun YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva ilə görüşü də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR