Bank Of Baku

Bakıda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi keçirilib

Bakıda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi keçirilib
# 30 mart 2009 15:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bədii Sərgi Salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi keçirilib. APA-nın məlumatına görə, sərgidə rəssam Vaqif Ucatayın ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını əks etdirən qrafika əsərləri nümayiş olunub. Sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ermənilərin törətdiyi bu soyqırımı bəşəriyyətin ən dəhşətli faciələrindən biri olduğunu deyib: “Həmvətənlilərimizin başına gətirilən bu soyqırımları unutmaq, bu günləri yad etməmək günah olar. Bu faciə dünyada ən dəhşətli faciələrdən biridir. Dövlət başçısı İlham Əliyev hər zaman deyir ki, sülh danışıqları əgər nəticə verməsə, Azərbaycan ordusu məqsədinə nail olmağa qadir olan ordudur və Azərbaycan xalqı mütləq ərazi bütövlüyünü təmin edəcək. Güman edirəm ki, bu cür faciələr təkrar olunmayacaq. 1918-ci ildə törədilmiş bu faciənin uzun müddət yad edilməməsi Azərbaycanın qeyri-müstəqil olması ilə bağlı olub. Bu soyqırımı ona görə qeyd olunmurdu ki, bunu bizə unutdurmaq istəyirdilər. Müstəqillik dövründə Xocalı faciəsi kimi bir soyqırımını yaşayan xalqın ikinci dəfə bu faciənin yaşanmasına izn verməsi qeyri-mümkündür”. Tədbirdə çıxış edən rəssam Vaqif Ucatay isə sərgidə nümayiş olunan əsərlərin məhz bu soyqırımına həsr olunduğunu qeyd edib: “Bu soyqırımı ilə bağlı daha ağır əsərlərim olsa da, həmin əsərlərin bugünkü sərgidə nümayişi mümkün olmadı. Əslində mən çox istərdim ki, gənc nəsil bu rəsmlərə baxaraq həmin vaxt törədilən soyqırımı gözlərinin önlərində canlandırsınlar. Çünki bu tarixi unutmaq özünü unutmaq deməkdir. Hərdən xalqımızı yaddaşsızlıqda günahlandırırlar, ancaq mən heç bir zaman bunu yaxına buraxmıram. Çünki Azərbaycan xalqı bu boyda faciələri unuda bilməz”. Qeyd edək ki, sərginin nümayişi aprelin 4-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR