Bank Of Baku

Hüseyn Cavidin “Şeyda” əsəri yeni quruluşda səhnələşdirilir

Hüseyn Cavidin “Şeyda” əsəri yeni quruluşda səhnələşdirilir
# 31 mart 2009 14:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “Şeyda” əsəri tamaşaya hazırlanır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda bu tamaşanın üzərində son məşqlər gedir. 1922-ci ildən sonra bu əsər ilk dəfədir ki, yeni yozumda teatrın baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən hazırlanır. Tamaşanın qəhrəmanı gənc şair Şeyda öz şerləri ilə mübarizəyə girir və onun yazdığı əsərlər Rusiyanı lərzəyə gətirir, ancaq onu susdurmaq olmur. Həmin bu inqilab fonunda baş verən məhəbbət və dramatik hadisələri Hüseyn Cavid özünəməxsus dərin psixoloji yanaşma ilə məharətlə təsvir edir. Tamaşada xalq artisti Hacı İsmayılov, əməkdar artistlər Sabir Məmmədov, Sadıq İbrahimov, Kazım Abdullayev, Firuz Xudaverdiyev, Məcnun Hacıbəyov, Sevinc Əliyeva, Məsmə Aslanqızı, aktyorlar Əminə Babayeva, Anar Heybətov, Aslan Şirinov, Rövşən Kərimduxt, Mirzə Ağabəyli, Əlvida Cəfərov, Dilarə Nəzərova, Sərdar Rüstəmov, Elnar Qarayev, Samirə Məmmədova iştirak edirlər. Quruluşçu rəssam əməkdar incəsənət xadimi Ağarəhim Əliyev, bəstəkar əməkdar incəsənət xadimi Eldar Mansurov, elmi məsləhətçi akademik Nizami Cəfərovdur. Tamaşanın premyerası aprelin 16-da Akademik Opera və Balet Teatrının binasında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR