Bank Of Baku

Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 17 aprel 2009 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində Azərbaycanın görkəmli ziyalısı Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev C. Cabbarlının həyat və yaradıcılığından danışıb: “XX əsrin əvvəllərində nəinki Azərbaycan teatrının, dramaturgiyasının inkişafı, həm də milli kinematoqrafiyanın təşəkkülü və ilk uğurları Cəfər Cabbarlını dramaturgiyası, onun çoxcəhətli və ölməz yaradıcılıq irsi, incəsənətin bu yeni sahəsində yorulmaz fəaliyyəti ilə qırılmaz surətdə bağlı olub. Görkəmli dramaturq, yazıçı, şair, tənqidçi, mühərrir, teatr və kino xadimi, ssenarist, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı üç yaşında olarkən atasını itirib. Bakıya köçəndən sonra dağlı məhəlləsində məskunlaşan ailənin güzəranı çətin olsa da, Cəfər təhsil almaq üçün rus-tatar məktəbinə gedib. Bakı Politexnik Məktəbində və Bakı Teatr Texnikumunda oxuyub”.

Kinoşünas Aydın Kazımzadə isə C. Cabbarlının ədəbi yaradıcılığa çox erkən, yeniyetmə yaşlarından başladığını, mətbuatda şerlər dərc etdirdiyini söyləyib. O, C. Cabbarlının kinodramaturq kimi bu sahədə fəaliyyətə “Sona” ilə başladığını deyib: “Bu ssenarini Mirzə Fətəli Axundovun “Hacı Qara” pyesinin motivləri əsasında qələmə alıb, onu ekran üçün demək olar ki, yenidən işləyib. Cəfər Cabbarlı “Hacı Qara”dan sonra “Sevil”i özünün eyni adlı pyesi əsasında yazıb. Film 1929-cu ildə çəkilib ekranlara çıxdıqdan sonra böyük müvəffəqiyyət qazanıb. Bu il “Sevil” filminin 80 yaşı tamam olur. 1970-ci ildə kinematoqrafçılarımız yenidən bu əsərə müraciət edərək “Sevil” film-operasını yaratdılar. Film bəstəkar Fikrət Əmirovun eyni adlı operası əsasında çəkilib”.

Tədbirdə iştirak edən çoxsaylı kino xadimləri də C. Cabbarlı haqqında fikirlərini bölüşüblər. Qiraət ustası Əminə Yusifqızı C. Cabbarlının “Ana” şerini ifa edib. Tədbirdə C. Cabbarlının adı ilə bağlı olan filmlər də nümayiş olunub. Muzey Mərkəzinin foyesində isə onun həyat və yaradıcılığını əks etdirən foto-sərgi nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR