Bank Of Baku

Milli Kitabxanada “Qarabağın tacı Şuşa” adlı sərgi açılıb

Milli Kitabxanada “Qarabağın tacı Şuşa” adlı sərgi açılıb
# 08 may 2009 13:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün M. F. Axundov adına Milli Kitabxanada Şuşa şəhərinin işğalının 17-ci ildönümü ilə bağlı “Qarabağın tacı Şuşa” adlı kitab-foto-rəsm əsərlərinin sərgisi və Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi “Qarabağ – İrsimizin əbədi yaddaşı” adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, sərgidə Şuşa şəhərinin tarixini, mədəniyyətini və incəsənətini, ermənilər tərəfindən işğalını əks etdirən 300-ə yaxın kitab və şuşalı rəssam Rövşən Bayramov tərəfindən çəkilmiş 30-a yaxın rəsm əsəri nümayiş olunur. K. Tahirovun sözlərinə görə, son üç ildə Mədəniyyət və Turizm Nazirliyi Qarabağın tarixi ilə bağlı Azərbaycan, ingilis və rus dillərində 10-a yaxın kitab çap etdirərək xarici ölkələrdə yayıb. “Qarabağ – İrsimizin əbədi yaddaşı” kitabı da xarici ölkələrdəki səfirliklərə və Milli Kitabxanalara göndəriləcək.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə bildirib ki, şuşalılar 17 ildir Şuşaya qayıdacaqları günü gözləyirlər: “Şuşa camaatı ölkə prezidentinin münaqişənin tənzimlənməsi ilə bağlı yeritdiyi siyasəti dəstəkləyir. Biz Ali Baş Komandanın hücum əmrinə hazırıq. Şuşalılar Şuşanı bərpa etməyə qayıdacaqlar”.
“Azərbərpa” Dövlət Layihə İnstitutunun direktoru Cəfər Qiyasi isə deyib ki, hazırda rəhbərlik etdiyi institutda Şuşanın ermənilər tərəfindən dağıdılmış bütün memarlıq abidələrinin ölçüsü və bərpa cizgiləri var. C. Qiyasi bu sənədlər əsasında Mədəniyyət və Turizm Nazirliyinin “Şuşa memarlıq ensiklopediyası” yaratmasını təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR