Bank Of Baku

Azərbaycan musiqiçiləri Kalininqradda xüsusi diploma layiq görülüblər

Azərbaycan musiqiçiləri Kalininqradda xüsusi diploma layiq görülüblər
# 20 may 2009 14:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Kalininqrad Dövlət Filarmoniyasında beynəlxalq incəsənət festivalları olan – “Kəhrəba boyunbağı” və “Ailə yaradıcılığı” çərçivəsində Azərbaycanın tanınmış musiqiçiləri - xalq artisti, professor, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin iştirakı ilə konsert həyata keçirilib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Kalininqrad Dövlət Filarmoniyasının təşkilatçılığı keçirilən konsertdə Azərbaycan musiqiçilərinin festivallarda iştirakı Kalininqrad üzrə “Azərbaycan” regional mədəni - muxtariyyətinin təşkilati dəstəyi sayəsində baş tutub. Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, onun dirijorluğu altında keçən konsertin I şöbəsində Kalininqrad Filarmoniyasının Kamera orkestri A. Dvorjakın “Simli Serenadasi”nı ifa edib, II şöbədə isə professor Ramiz Quliyevin ifasında Kalininqrad Filarmoniyasının səhnəsində ilk dəfə olaraq Azərbaycan bəstəkarları – Ü. Hacıbəyov, Q.Huseynli, H. Rzayev, C. Cahangirovun əsərləri, klassik muğamlarımız, həmçinin qərb və rus bəstəkarları – Motsart, Brams, Şubert, Bize, Qinka ve Rubinşteynin məşhur əsərləri səslənib. Konsert zamanı professor Ramiz Quliyev dəfələrlə səhnəyə geri çağırılıb və tamaşaçıların xahişi ilə proqramdan əlavə yeni əsərlərlə çıxış edib. Azərbaycan musiqisinin son sədaları Kalininqrad Filarmoniyası dinləyicilərinin və festival qonaqlarının ayaq üstə alqışları ilə başa çatıb. Konsert proqramının sonunda filarmoniya rəhbərliyi Azərbaycan musiqiçilərinə yeni dəvətlə müraciət edib və Ramiz və Əyyub Quliyevləri beynəlxalq səviyyəli mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə xüsusi diplomlarla təltif ediblər. Azərbaycanla yanaşı, “Kəhrəba boyunbağı” festivalında Almaniya, Rusiya, İsveç, Hollandiya, Latviya, Litva və Polşadan dəvət olunmuş məşhur musiqiçilər və kollektivlər iştirak ediblər. Festivala fəxri qonaq qismində dahi bəstəkar Dmitri Doştakoviçin xanımı – İrina Antonovna Şostakovic də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR