Bank Of Baku

Muzey Mərkəzində “Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi keçirilib

Muzey Mərkəzində “Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi keçirilib
# 01 iyun 2009 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibəti ilə “Şərq-Qərb dünyası uşaqların gözü ilə" beynəlxalq rəsm müsabiqəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, müsabiqə uşaq yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi, müxtəlif xalqların mədəniyyətləri ilə tanışlıq vasitəsilə uşaqlar arasında dostluq əlaqələrinin yaradılması məqsədi daşıyır: “Sivilizasiyalararası dialoqun qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrildiyi, mədəni çeşidliyin müasir cəmiyyətin əsas mövcudluq şərtlərindən olduğu bir dövrdə mədəniyyətlərarası dialoq mənəvi zənginlik mənbəyinə çevrilərək xalqlar arasında qarşılıqlı anlaşmanın, barışıq və tolerantlığın möhkəmlənməsinə xidmət edir. Gənc nəslin dünya xalqlarının mədəniyyətinə marağını artırmaq, uşaqları kiçik yaşlardan digər xalqların mədəniyyətinə hörmət ruhunda tərbiyə etmək məqsədi ilə bu müsabiqəyə böyük önəm veririk”.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş çıxış ediblər. Çıxışçılar müsabiqədə iştirak edən uşaqlara gələcək həyatlarında uğurlar arzulayıblar və onların istedadlarına heyran olduqlarını vurğulayıblar. A. İbrahimov deyib ki, müsabiqədə iştirak etmək üçün Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Filippin, Gürcüstan, Honq-Konq, İsrail, Qatar, Qazaxıstan, Latviya, Misir, Rusiya, Tailand, Türkiyə, Ukrayna, Pakistan, Polşa və digər ölkələrdən 5-15 yaşlı uşaqların 2000-ə yaxın rəsm əsəri daxil olub. Müsabiqənin əsasnaməsinə müvafiq olaraq bunlardan ən yaxşı 300 əsər seçilərək sərgidə nümayiş etdirilir. Azərbaycan, Rusiya və Özbəkistanın tanınmış rəssam və sənətşünaslarından ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib, onlara diplom, medal və hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR