Bank Of Baku

Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyat İnstitutunda saxlanan Azərbaycan musiqi folklorunun səs yazıları nümunələrinin surətləri ölkəyə gətirilib

Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyat İnstitutunda saxlanan Azərbaycan musiqi folklorunun səs yazıları nümunələrinin surətləri ölkəyə gətirilib
# 06 may 2011 11:14 (UTC +04:00)
APA-nın xəbərinə görə, bununla bağlı keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, XIX əsrin sonlarından başlayaraq Rusiya imperiyasının, sonradan SSRİ-nin müxtəlif bölgələrində həyata keçirilən ekspedisiyalar zamanı musiqi folkloru nümunələrinin səs yazıları toplanıb və hazırda Puşkin Evində saxlanılır. Fonoqram arxivinin kolleksiyalarında Azərbaycan musiqi folkloruna aid xeyli sayda səs yazıları saxlanıldığı müəyyən edilib. Onlar haqqında məlumat toplamaq, gələcəkdə onları əldə etmək, bunun hüquqi əsaslarını müəyyənləşdirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sankt-Peterburqa bir sıra ezamiyyətlər təşkil olunub.

Nazir Əbülfəz Qarayevin sözlərinə görə, X. Kuşnyarov, Y. Qippius və Z. Evaldın 1927-1929-cu illərdə Zaqafqaziyada kənd-kənd topladıqları səs yazıları xüsusi maraq doğurur: “Bu nümunələr indiki Ermənistan ərazisindəki Zülağac, Gözəldərə, Aşağı Arcaman, Gorus, Qarakilsə, Bazarçay, Quşbələk, Gərgər, Malışki, Keşişkənd, Molla Göyçə, Şulaverən, Arxvəli, Qırdəyirman, Karvansara kəndlərində, eləcə də Tiflis, İrəvan və Muxa (indiki Şuşa) şəhərlərində və digər yaşayış məntəqələrində mexaniki səsyazma üsulu ilə yazılıb”.

Nazir bildirib ki, arxivin qeydiyyat sənədlərində “Azərbaycan”, “Azərbaycan musiqisi” sözlərinə rast gəlinməsə də, kolleksiyalarda Azərbaycan muğamları, mahnı və rəqslərinin lent yazıları böyük yer tutur. Bunu onların adları da təsdiqləyir: Rast, Çahargah, Hicaz, Mahur, Şur, Bayatı-Şiraz, Mirzə Hüseyn segahı, Sarı gəlin, Koroğlu, Xalabacı, Otuz bir, Çoban bayatı və s. Bu mahnıları həm azərbaycanlılar, həm də qeyri-millətlər ifa edirlər. İfaçıların adları Kuşnyarovun qeydlərində göstərilib. Xüsusilə qeyd etmək lazımdır ki, xanəndələrin ifası Azərbaycan dilindədir. Bu fakt bir daha sübut edir ki, bunlar Azərbaycan xalqının folklor nümunələrinə aiddir”.

Nazir bildirib ki, sözügedən səs yazılarının rəqəmsal surəti hazırlanıb və muzey üçün əhəmiyyət kəsb etdiyi nəzər alınaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində qorunub saxlanılması məqsədəuyğun sayılıb. Həmin yazılar tədqiqat işləri üçün istifadə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR