Kulturoloqların I Beynəlxalq Bakı Forumu keçirilib

Kulturoloqların I Beynəlxalq Bakı Forumu keçirilib
# 06 iyun 2008 09:57 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Muzey Mərkəzində Kulturoloqların I Beynəlxalq Bakı Forumu keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, forumun keçirilməsində məqsəd Azərbaycanda mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafını təmin etməkdir: “Kulturologiya çox vacib sahədir. Nazirliyimiz təsis olunduğu gündən etibarən Azərbaycanda da bu sahənin inkişafı başlayıb. Yeni nəsil tərəfindən kulturologiya və mədəniyyətşünaslıq sahələrinin öyrənilməsi üçün belə tədbirlərin təşkili vacibdir”. “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov forumun tarixi əhəmiyyətindən danışıb: “Problem ondadır ki, bütün dünyada kulturologiyaya bir strateji elm kimi qiymət verilir. Bu sahə həqiqətən də dövlət quruculuğu və idarəetməsi, insanların həyat və fəaliyyətinin mütərəqqi inkişafı üçün əvəzolunmaz strateji əhəmiyyət kəsb edir. Təəssüf ki, uzun illər Azərbaycanda bu sahənin əhəmiyyəti dərk olunmayıb. Son bir neçə ildir kulturologiyanın önəmini anlamağa başlayıblar və yeni nazirlik kulturologiyaya dövlət dəstəyi verir. Keçən il milli səviyyədə keçirilən forum, artıq bu il beynəlxalq səviyyəyə qaldırılıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR