Azərbaycan kitabxanaları ilə MDB ölkələrinin kitabxanaları arasında əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub

Azərbaycan kitabxanaları ilə MDB ölkələrinin kitabxanaları arasında əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub
# 13 iyun 2008 12:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Krım Elmi Kitabxanasında “Azərbaycan guşəsi” açılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, açılış mərasimi “Krım-2008" Beynəlxalq Kitabxana Konfransı çərçivəsində keçirilib. Konfrans çərçivəsində eyni zamanda Krım Elmi Kitabxanasında və İsmayıl ağa Qaspıralı adına Krım Tatar Kitabxanasında türkoloq alim Bəkir Çobanzadənin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun əməkdaşları iştirak edib və “Bəkir Çobanzadə yaradıcılığı və Türk dünyasının ortaq dəyərləri" mövzusunda çıxış ediblər. Daha sonra tədbir iştirakçıları türkoloq alim Bəkir Çobanzadənin anadan olduğu Qarasubazar şəhərində onun şərəfinə ucaldılmış abidənin açılışı mərasimində və ədəbi-bədii gecədə iştirak ediblər. Tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Krım Muxtar Respublikasının Elmi Kitabxanası və İsmayıl ağa Qaspıralı adına Krım Tatar Kitabxanası arasında əməkdaşlığın inkişaf etdirilməsi və və təcrübə mübadiləsi sahəsində razılıq əldə olunub. Konfrans çərçivəsində Azərbaycan kitabxanaçıları bir sıra dünya kitabxanaları ilə əməkdaşlığın yaradılması sahəsində razılıq əldə edilib. Konfrans çərçivəsində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə Ukraynanın Nikolayevsk şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlıq haqqında, habelə Astana şəhər mərkəzi kitabxanasında fəaliyyət göstərən "Amerika Guşəsi" ilə Gəncə şəhər mərkəzi kitabxanasındakı "Amerika Guşəsi" arasında təcrübə mübadiləsi aparmaq sahəsində, Astara rayon mərkəzləşdirilmiş kitabxana sistemi ilə Dağıstanın Xasavyurd şəhər mərkəzləşdirilmiş kitabxana sistemi arasında kitabxanaların avtomatlaşdırılması və birgə layihələrin işlənməsi sahəsində təcrübə mübadiləsinin aparılması haqqında razılıq əldə olunub. Eyni zamanda konfrans çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin Müstəqil Dövlətlər Birliyi ərazisində ən çox oxunan "Biblioteka v şkole" qəzetində işıqlandırılması razılaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR