Azərbaycan 55-ci “Kann Şirləri” Beynəlxalq Reklam Festivalına reklam çarxı göndərə bilməyib

Azərbaycan 55-ci “Kann Şirləri” Beynəlxalq Reklam Festivalına reklam çarxı göndərə bilməyib
# 17 iyun 2008 14:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fransanın Kann şəhərində 55-ci “Kann Şirləri” (“Canneslions”) Beynəlxalq Reklam Festivalı keçirilir. Bu ilki festivalda ölkəmizin iştirakı üçün festivalın Azərbaycan nümayəndəliyi də yaradılıb. Beynəlxalq Reklam Festivalının nümayəndəsi Cahid Həsənov APA-ya açıqlamasında deyib ki, bu ilki festivalda Azərbaycanın təmsil olunması üçün ölkəmizdə fəaliyyət göstərən reklam şirkətlərinin heç bir marağı olmayıb: “Dəfələrlə cəhdimizə, təkliflərimizə baxmayaraq şirkətlərin bir qisminin bu işə hazır olmadıqlarını bildirdilər. Bir qismi isə belə bir festivalda iştiraka maraqlarının olmadığını söylədilər. Ən dəhşətli hal odur ki, bəzi reklam verən şirkətlərin belə bir mötəbər festivaldan xəbəri belə yoxdur. Dünyanın diqqət mərkəzində olan, hər il 25000-dən çox iş təqdim olunan bu mötəbər festivala Azərbaycanda bir ədəd belə olsun iş göndərməməyimiz çox narahatçılıq doğur. Ən əsası isə odur ki, bu mötəbər festivalın Qafqazda nümayəndəliyi ilk olaraq məhz Azərbaycanda yaradılıb. Azərbaycanda son illər gedən iqtisadi inkişaf müstəvisində məhz Azərbaycanda reklama qoyulan investisiya 25 faiz artıb. Bununla da Azərbaycan dünyada, hər il reklama qoyulan investisiyanın artımına görə üçüncü, MDB məkanında Rusiyadan sonra ikinci yerə çıxıb. Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində bu hal bizi çox sevindirir. Çox təəssüf ki, məntiqsiz, maraqsız şou proqramlara, səviyyəsiz “müğənnilərin” konsertlərinə sponsorlar tez bir zamanda tapılır, Azərbaycan musiqisini, memarlıq abidələrini, mətbəxini və digər dünya ictimaiyyətinə ən tez, çevik bir zamanda çatdırılmasına isə heç bir şirkət yaxın durmur”. C. Həsənov reklam şirkətlərini bu işdə fəal olmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR