Bakıda dünyaca məşhur sirk rəhbərlərinin görüşü çərçivəsində mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, analoji müzakirələrin keçirilməsi sirklər arasında əlaqələri möhkəmləndirməklə bərabər, ümumdünya sirk sənətinin inkişafına şərait yaradacaq.
Svetnoy Bulvardakı Nikulin sirkinin bədii rəhbəri və baş direktoru Maksim Nikulin rəhbərlik etdiyi sirklə Bakı Dövlət Sirki arasındakı əlaqələrdən, eləcə də Azərbaycanın Mədəniyyət Nazirliyində keçirdiyi görüşdən danışıb.
"Hazırda Bakı Dövlət Sirki təmirdə olduğu üçün ilkin olaraq ümumi məsləhətləşmələr apardıq. Komandamızın üzvləri indiyədək Aşqabad da daxil olmaqla bir sıra ölkələrdə sirklərin quraşdırılması və təchizatı ilə bağlı məsələlərdə iştirak edib. Əsas məqsədimiz odur ki, bütün postsovet məkanındakı sirklər işlək vəziyyətdə olsun. Bakı Dövlət Sirki ilə əməkdaşlığımız davam edir. Ümid edirik ki, əməkdaşlığımız daha da inkişaf edəcək", - deyə o söyləyib.
Tədbirdə bildirilib ki, son illər dünya sirk sənəti son dərəcə geniş inkişaf yolu keçib.
Budapeşt Dövlət Sirkinin direktoru Peter Fekete Bakı Dövlət Sirkinin binası müasir tələblərə uyğun inşa edildikdən sonra əlaqələrimizin daha güclənəcəyini vurğulayıb:
"Azərbaycan və Macarıstan arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Biz istəyirik ki, mədəniyyət sahəsində əlaqələrimiz daha da inkişaf etsin. Hazırda Bakı Dövlət Sirkinin təmirdən çıxmasını gözləyirik. Bundan sonra əlaqələrimizin daha da inkişafına ümidimiz var. Ümidvaram ki, Bakı Dövlət Sirki ilə əməkdaşlığımız daha da uğurla inkişaf edəcək".
Bundan başqa mətbuat konfransında Bakı Dövlət Sirkinin yaradıcı heyətinin Rusiya və Avropanın sirk məktəblərində təhsil alması, ixtisaslaşması məsələlərindən danışılıb.
Qeyd edilib ki, Bakıda keçirilən görüşlərdə Bakı Dövlət Sirkinin təmir-tikinti işləri ilə bağlı müzakirələr aparılıb, Macarıstan sirkinin bu sahədəki təcrübəsi öyrənilib.