Bakıda Qırğız Kino Günlərinin açılışı olub

Bakıda Qırğız Kino Günlərinin açılışı olub
# 24 aprel 2024 09:02 (UTC +04:00)

Aprelin 23-də Bakıda Qırğız Kino Günlərinin açılış mərasimi baş tutub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Murad Hüseynov Mədəniyyət Günləri çərçivəsində keçirilən Qırğız Kino Günlərinin açılış mərasiminə gələnləri salamlayıb, Azərbaycana dost və qardaş ölkə olan Qırğızıstanın kino sahəsində olan uğurlarından danışıb.

Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti nazirinin birinci müavini Altınbek Maksutbekov Azərbaycan və Qırğızıstan dövlət başçılarının səmimi dostluq münasibətlərinin son illərdə hər iki ölkə arasında olan müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdiyini vurğulayıb.

Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev Bedirbekoviç də öz növbəsində ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin inkişaf perspektivlərini vurğulayıb.

Sonra, rejissor Ruslan Akunun qısa müddət ərzində Mərkəzi Asiya ölkələrində və Rusiyada uğur qazanmış tammetrajlı “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 23-dən 26-dək Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR