Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik Hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib.
Agentlikdən APA-ya verilən xəbərə görə, oktyabrın 4-də ÜƏMT üzv dövlətlərinin Assambleyalarının İsveçrənin Cenevrə şəhərində işinə başlamış 62-ci sessiyasında adıçəkilən təşkilatın assambleyalarının və komitələrinin vəzifəli şəxslərinin seçkiləri keçirilib. Bu vəzifəyə K. İmanovun namizədliyinin irəli sürülməsi və ÜƏMT Baş Assambleyası tərəfindən dəstəklənməsində əsas amil onun əqli mülkiyyət, ələlxüsus da müəlliflik hüququ sahəsinin tanınmış beynəlxalq eksperti olmasıdır.
Qeyd edilən Assambleyanın sədr müavini Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Jasmin Fulena seçilib.
İdarəçiliyi ÜƏMT tərəfindən həyata keçirilən Müəlliflik hüququna dair Müqavilə 20 dekabr 1996-cı ildə qəbul edilib. Müəlliflik hüququ sahəsində qocaman beynəlxalq sənəd olan Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyasını dəstəkləyən bu müqavilə yeni rəqəmsal mühitdə ən mühüm beynəlxalq sazişdir.
Müqavilə ədəbi və bədii əsərlərin beynəlxalq müstəvidə effektiv və vahid qaydalara uyğun qorunmasını, müəlliflərin hüquqları və geniş ictimaiyyətin maraqları arasında balansın saxlanılmasını müəyyən edir. Hazırda bu Müqaviləyə 110 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası 2006-cı ildən Müqavilənin üzvüdür.
Qeyd edək ki, K.İmanov 2019-2021-ci illərdə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası Assambleyasının sədri olub.