Bank Of Baku

Məsciddən sinaqoqa, kilsədən alban məbədinə: Azərbaycanın mədəni irs siyasəti - ARAŞDIRMA

Məsciddən sinaqoqa, kilsədən alban məbədinə: Azərbaycanın mədəni irs siyasəti - ARAŞDIRMA
# 09 sentyabr 2026 12:55 (UTC +04:00)

Azərbaycanın mədəni irsin qorunması siyasəti yalnız Azərbaycan xalqına məxsus tarixi abidələrin mühafizəsi ilə məhdudlaşmır. Ölkə ərazisində əsrlər boyu yaşamış müxtəlif xalqların və dini icmaların yaratdığı tarixi-mədəni irsin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması da ümumi mədəni irs siyasətinin tərkib hissəsi kimi çıxış edir.

APA-nın apardığı araşdırma göstərir ki, bu yanaşma həm müsəlman dini abidələrinin, həm də xristian və yəhudi irsinin mühafizəsində özünü göstərir. Azərbaycanın müxtəlif bölgələrində alban-xristian irsinə aid qədim məbədlər, pravoslav kilsələri, katolik və yəhudi dini-mədəni abidələri qorunur, ayrı-ayrı abidələrdə bərpa və konservasiya işləri həyata keçirilir.

Bu baxımdan Qəbələ-Şəki bölgəsində mövcud olan qədim xristian və alban irsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Bakı, Gəncə və digər şəhərlərdə yerləşən pravoslav kilsələrinin qorunması Azərbaycanın mədəni irs siyasətinin dini və etnik mənsubiyyət prinsipindən deyil, tarixi və mədəni dəyər prinsipindən çıxış etdiyini göstərir.

Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına əsasən, işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.

“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının icrası çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2020-ci il noyabrın 3-dən başlayaraq 196-sı Şuşa şəhərində olmaqla, 575 abidədə inventarlaşdırma işləri aparılıb.

“İnventarlaşdırma işləri zamanı sahə tədqiqatı işləri görülüb, abidələrin elektron xəritələri hazırlanıb, keyfiyyətli fotofiksasiya və dron çəkilişləri aparılıb, arxiv sənədləri araşdırılıb, buna paralel olaraq digər mənbələr də nəzərdən keçirilib.

Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda yerləşən və dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşması hələlik başa çatdırılmayıb. Bunun əsas səbəbi isə ərazilərin minalarla çirkləndirilməsidir”, - Dövlət Xidmətindən bildirilib.

İnventarlaşdırma zamanı tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan 256 yeni aşkar edilmiş abidə də sənədləşdirilib. Dövlət Xidmətinin məlumatına görə, Nazirlər Kabinetinin qərarı ilə 2025-ci ildə həmin abidələrin 44-ü daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb.

Qalan 212 yeni aşkar edilmiş abidənin dövlət qeydiyyatına salınması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür. Mərhələli şəkildə həm Qarabağ və Şərqi Zəngəzurda, həm də ölkənin digər ərazilərində yerləşən yeni aşkar edilmiş abidələrin dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasında baxılır.

İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunması ilə bağlı fəaliyyət təkmilləşdiriləcək

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi və arxeoloji tədqiqatların daha geniş aparılması nəzərdə tutulur.

Dövlət Xidmətindən həmçinin bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə 99 abidənin pasportlaşdırılması, 70 abidənin isə mühafizə zonasının müəyyənləşdirilməsi işləri tamamlanıb.

Aparılan monitorinqlərə əsasən, işğal dövründə 68 abidə tamamilə dağıdılıb, 114 abidə böyük həcmdə və miqyasda dağıntıya məruz qalıb, digər abidələrə isə müxtəlif dərəcədə ziyan vurulub. 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanıb və ümumi zərər 700 milyon 154 min manat müəyyən edilib.

Alban-xristian və pravoslav irsinin qorunması mədəni irs siyasətinin tərkib hissəsidir

Azərbaycanda tarixi-mədəni irsin qorunmasına yanaşmanın mühüm istiqamətlərindən biri müxtəlif dini icmaların əsrlər ərzində yaratdığı maddi mədəniyyət nümunələrinin mühafizəsidir. Bu baxımdan ölkədəki xristian irsi, xüsusilə qədim alban-xristian məbədləri mühüm yer tutur.

Qəbələ-Şəki bölgəsi Azərbaycanın qədim xristian irsinin zəngin olduğu ərazilərdəndir. Buradakı tarixi məbədlərin qorunması təkcə dini abidələrin mühafizəsi deyil, eyni zamanda Azərbaycanın çoxqatlı tarixi-mədəni irsinin saxlanılması baxımından əhəmiyyətlidir.

Eyni yanaşma pravoslav irsinə münasibətdə də müşahidə olunur. Bakı, Gəncə və digər şəhərlərdə müxtəlif tarixi dövrlərə aid pravoslav kilsələrinin mövcudluğu ölkənin dini və mədəni müxtəlifliyinin maddi göstəricilərindən biridir. Bu abidələrin qorunması Azərbaycanın mədəni irs siyasətinin yalnız dominant dini və ya etnik qrupa məxsus irslə məhdudlaşmadığını göstərir.

Qarabağda aparılan bərpa prosesində də bu prinsipin tətbiqi diqqət çəkir. Şuşada məscidlərlə yanaşı, şəhərdəki xristian dini abidələrində də təmir və bərpa işlərinin aparılması mədəni irsin dini mənsubiyyətindən asılı olmayaraq qorunması yanaşmasının nümunəsi kimi qiymətləndirilə bilər.

Fuad Məmmədov: Azərbaycan həmişə yüksək mənəvi mədəniyyəti ilə fərqlənib

Kulturoloq, tarix elmləri doktoru Fuad Məmmədov bildirib ki, mədəniyyət geniş anlayışdır və onun tərkibinə elm, təhsil, maarif, din, beynəlxalq münasibətlər və digər sahələr daxildir.

Onun sözlərinə görə, insanın ağlı, qəlbi və əməyi nəticəsində yaranan hər şey mədəniyyətin bir hissəsidir. Bu səbəbdən dini məsələlər, müxtəlif dini qurumlar və dini abidələrin qorunması da dövlətin mədəniyyət siyasətində mühüm yer tutur.

“Ona görə də bu baxımdan, əlbəttə, dövlət siyasətimizdə dini məsələlərlə, müxtəlif dini qurumlarla və dini abidələrlə bağlı böyük işlər aparılır. Bildiyiniz kimi, xüsusilə bu sahə ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğul olur. Əlbəttə, bunların hamısı çox vacibdir. Çünki bu gün Azərbaycanın dünya səviyyəsində nüfuzu getdikcə artır”, - Fuad Məmmədov deyib.

Kulturoloqun fikrincə, Azərbaycanın mədəniyyət və din sahəsində həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq ölkənin sosial-mədəni strategiyasının ayrılmaz hissəsidir.

“Azərbaycan həmişə yüksək mənəvi mədəniyyəti ilə fərqlənib. Həmin mənəvi mədəniyyətin əsas göstəricilərindən biri də bu olub ki, bütün dinlərə sərbəst inkişaf etmək imkanı yaradılıb. Yəni hər kəs öz əqidəsinə uyğun fəaliyyət göstərə bilir, eyni zamanda vətənpərvərlik nöqteyi-nəzərindən öz fəaliyyətini həyata keçirir”, - Fuad Məmmədov vurğulayıb.

O qeyd edib ki, müxtəlif dinlərin nümayəndələrinin sərbəst fəaliyyət göstərməsi üçün şəraitin yaradılması cəmiyyətdə humanist münasibətlərin və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.

Fuad Məmmədovun sözlərinə görə, insanların milliyyətindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bir-birinə humanist yanaşması həm ölkə daxilində sosial-mədəni və sosial-siyasi sabitliyi möhkəmləndirir, həm də cəmiyyətin mənəvi inkişafına töhfə verir.

Ceyhun Məmmədov: Xristian məbədləri və yəhudi sinaqoqları dövlət tərəfindən qorunur

Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşaması tarixi ənənəyə əsaslanır və bu ənənə dövlət siyasəti səviyyəsində davam etdirilir.

“Təbii ki, Azərbaycan unikal bir ölkədir. O mənada ki, bu gün ölkəmizdə müxtəlif dinlərə məxsus məbədlərin qorunması və bərpası istiqamətində mühüm işlər və layihələr həyata keçirilir”, - deputat deyib.

Onun sözlərinə görə, Azərbaycanın müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkə olmasına baxmayaraq, digər dini icmalara məxsus abidələrin qorunmasına da xüsusi diqqət yetirilir.

“Bu gün Azərbaycan müsəlman ölkəsi olsa da, ölkəmizdə yəhudi sinaqoqları, xristian məbədləri Azərbaycan dövləti tərəfindən qorunur, onlara yüksək diqqət və qayğı göstərilir. Bu, dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu gün Azərbaycanın hər yerində bu istiqamətdə işlər görülür. Məsələn, Roma katolik irsi və Roma məbədləri ilə bağlı Bakıda bir sıra işlər həyata keçirilir”, - Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədovun sözlərinə görə, bu yanaşma Azərbaycanın müxtəlif bölgələrində tətbiq edilir və dövlətin dini-mədəni irsin qorunması siyasətinin ardıcıllığını nümayiş etdirir.

O, Azərbaycanın bu sahədə beynəlxalq layihələr də həyata keçirdiyini vurğulayaraq, Azərbaycan-İtaliya və Azərbaycan-Vatikan münasibətləri çərçivəsində müxtəlif dini-mədəni irs nümunələrinin qorunması istiqamətində addımlar atıldığını bildirib.

“Bütün bunları qeyd etməklə demək olar ki, Azərbaycanda dinlərarası münasibətlərə göstərilən diqqət və qayğı dövlətimizin bu sahədə həyata keçirdiyi uğurlu siyasətin göstəricisidir. Bu, eyni zamanda dövlətimizin bu sahəyə verdiyi töhfənin bariz nümunəsidir”, - deputat əlavə edib.

Mədəni irsin qorunmasında dini və etnik mənsubiyyət deyil, tarixi-mədəni dəyər əsas götürülür

Azərbaycanda müxtəlif xalqların və dini icmaların mədəni irsinin qorunmasına dair mövcud yanaşma ölkənin multikulturalizm siyasətinin maddi-mədəni müstəvidə davamı kimi xarakterizə oluna bilər. Burada söhbət yalnız dini icmaların sərbəst fəaliyyətindən deyil, həmin icmaların tarixən yaratdığı abidələrin də ümumi mədəni irsin bir hissəsi kimi qorunmasından gedir.

Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını təmin edir, insanlara istədikləri dinə etiqad etmək, dini etiqadını ifadə etmək və ya heç bir dinə etiqad etməmək hüququ verir. Konstitusiyanın 25-ci maddəsi isə dinindən və əqidəsindən asılı olmayaraq şəxslərin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Ölkədə islamla yanaşı, xristianlıq, yəhudilik və digər dini icmaların mövcudluğu bu müxtəlifliyin ictimai müstəvidəki təzahürüdür. Alban-xristian məbədləri, pravoslav və katolik kilsələri, sinaqoqlar, məscidlər və digər tarixi-dini tikililər isə həmin müxtəlifliyin maddi irsini formalaşdırır.

Bu baxımdan Qəbələ və Şəki bölgəsindəki qədim xristian irsinin, Bakı, Gəncə və digər şəhərlərdəki pravoslav məbədlərinin, eləcə də yəhudi dini-mədəni irsinin mühafizəsi ayrı-ayrı dini icmalara münasibətlə məhdudlaşmır. Bu abidələr yerləşdikləri ərazilərin tarixinin, memarlığının və mədəni yaddaşının bir hissəsi kimi çıxış edir.

Beləliklə, Azərbaycanda mədəni irsin qorunması anlayışı yalnız Azərbaycan xalqına məxsus abidələrin mühafizəsi kimi deyil, ölkə ərazisində tarixən formalaşmış müxtəlif mədəni və dini irs qatlarının bütövlükdə qorunması kimi nəzərdən keçirilir. Müxtəlif dini icmalara aid məbədlərin bərpası və mühafizəsi isə multikulturalizmin yalnız ictimai münasibətlər səviyyəsində deyil, tarixi-mədəni irsin qorunması siyasətində də tətbiq olunduğunu göstərir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR