Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bölgələrdən paytaxta” layihəsinin Xaçmaza həsr olunmuş təqdimatı keçirilib.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Turizm İdarəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun tarixini, mədəniyyətini və adət-ənənəsini əks etdirən sərgi açılıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən tədbirlər regionlara da müsbət təsirini göstərib.
Nazir “Bölgələrdən paytaxta” layihəsinin maraqla qarşılandığını və bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qeyd edib ki, “Bögələrdən paytaxta” layihəsi hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verir.
Tədbir konsert proqramı ilə davam edib.