Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən 500-dən çox xarici nümayəndənin iştirakı nəzərdə tutulur.
Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı APA-ya açıqlamasında deyib.
O bildirib ki, forumda iştirakçıların sayı və müxtəlif sahələri təmsil edən nümayəndələrin marağı ildən-ilə artır.
“İldən-ilə iştirakçılığa marağın artdığını görürük. Eyni zamanda, müxtəlif seqmentlərin nümayəndələrinin iştirakına həvəsin daha da artdığını müşahidə edirik”, - Cəfərov qeyd edib.
Nazir müavini bildirib ki, Forumun builki mövzusu “Parçalanmış dünyada körpülərin qurulması – ortaq gələcək naminə”dir.
Onun sözlərinə görə, Forumun konsepsiyası hazırlanarkən dünyada baş verən iqtisadi və sosial proseslər, münasibətlər fonunda mövcud ayrı-seçkiliklər və bərabərsizliklər əsas götürülüb.
“Forumun məqsədi bu mövzuların, ayrı-ayrı aspektlərin müzakirə edilməsi, müzakirə nəticəsində boşluqların müəyyən edilməsi və təkliflərin verilməsidir”, - nazir müavini deyib.
Cəfərov qeyd edib ki, Forumda yalnız beynəlxalq təşkilatların və hökumət nümayəndələrinin deyil, cəmiyyətin müxtəlif üzvlərinin, o cümlədən qeyri-hökumət təşkilatlarının, media mənsublarının, xarici ölkələrdən gənc liderlərin və dini liderlərin iştirakı nəzərdə tutulub.
“Bu mövzular ətrafında artıq masa arxasında müxtəlif mövqelərin səsləndirilməsi nəzərdə tutulub”, - o bildirib.
Nazir müavini deyib ki, bu il Forumun məzmununa daha çox diqqət yönəldilib.
“Burada elmi müzakirələrin daha çox artırılması, gənclərə yönəlik layihələrin tərtib edilməsi və Forumun nəticəsində gələcəyə baxış əks etdirən sənədin hazırlanması nəzərdə tutulub”, - Cəfərov vurğulayıb.
O, Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfərin də nəzərdə tutulduğunu bildirib.
“2024-cü ildə olduğu kimi, bu ilki Forumda da işğaldan azad edilmiş ərazilərə səfər nəzərdə tutulub. Bu səfər çərçivəsində Qarabağ Universiteti ilə birlikdə xüsusi bir tədbirin keçirilməsi planlaşdırılır”, - nazir müavini deyib.