Bakı. Fərid Mirzəyev - APA. Bu gün Almaniyanın Ştarnberq şəhərində 9-cu "Fünf Seen" (Beş göl) beynəlxalq müstəqil film festivalı başlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, festivalın müsabiqə proqramına Azərbaycandan rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi də daxil edilib. Avqustun 9-dək davam edəcək festivalda Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrdən filmlər yer alıb. "Nabat" bədii filmi festivalda avqustun 6-da nümayiş olunacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğludur.
Bu il "Nabat" filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalında təqdim olunub və üç mükafata layiq görülüb. Bundan əlavə, ekran əsəri bu il Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında mükafatlar qazanıb.