Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda “Torpağa sancılmış qılınc” adlı silah sərgisi açılıb.
Muzeydən APA-ya verilən məlumata görə, sərgidə müxtəlif dövrləri əhatə edən arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş, ayrı-ayrı vətəndaşlar tərəfindən muzeyə hədiyyə edilmiş, muzey tərəfindən alınmış, respublikanın müxtəlif strukturları tərəfindən muzeyə verilmiş eksponatlar təqdim olunur.
Sərgidə qədim və orta əsrlər dövründə Azərbaycanda istehsal olunmuş, hərb tarixinin parlaq səhifələrini nümayiş etdirən zireh və qalxanlar, qılınc və xənclər, tüfəng və tapançalar, digər silah növləri nümayiş etdirilir.
100-dən artıq eksponatın nümayiş olunduğu sərgi ölkə vətəndaşları və xarici qonaqların böyük marağına səbəb olub. Sərgi yanvarın 15-dək fəaliyyət göstərəcək.