Bakı-APA. Mayın 6-da 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən Azərbaycan pavilyonunda iki sərginin rəsmi açılış mərasimi olacaq.
APA-nın Heydər Əliyev Fondunun saytına istinadən məlumatına görə, Venesiyanın böyük məkanlarından olan Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonunda ilk olaraq, Əşrəf Murad, Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Fazil Nəcəfov, Hüseyn Haqverdi, Şamil Nəcəfzadənin əsərlərinin təqdim olunduğu “Hüdudları aşaraq” (“Beyond the Line”) sərgisinin açılış mərasimi keçiriləcək. Bu sərgi XX əsrin repressiv Sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır.
“Hüdudları aşaraq” sərgisi indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.
Mayın 6-da Venesiya Biennalesində “Vita Vitale” beynəlxalq sərgisi də açılacaq. Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə təqdim etdiyi bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir.
Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, “Vita Vitale”də Edvard Burtinski (Edward Burtynsky), Mirça Kantor (Mircea Cantor), Loris Çekkini (Loris Cecchini), Toni Kreqq (Tony Cragg), Laura Ford (Laura Ford), Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol (Andy Warhol) və digər məşhur rəssamların əl işləri yer alıb.
“Vita Vitale” sərgisi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyur. Sərgi təkcə Azərbaycanın deyil, bütün planetin keçmişi, bu günü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələlərində rəssamların düşüncəsini işıqlandırır. “Vita Vitale”, həmçinin planetimizin ekosistemi və insanların təbiətə göstərdiyi təsir arasındakı zərif balansı təhlil edir. Sərgi bizi ətraf mühitin mühafizəsində rolumuzu artırmağa sövq edir, eyni zamanda dünyanın gələcəyinin qorunması üçün kreativ ideya və alətlər təklif edir.
Hər iki sərgi noyabrın 22-dək davam edəcək.