Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanın folklor bankı yaradılacaq. Bu barədə APA-ya Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib.
Onun sözlərinə görə, indiyədək ölkədə tam şəkildə folklor materiallarının qeydiyyatı aparılmayıb: “İnstitutun folklor arxivi var, lakin o, çox kiçik bir otaqda - 14-15 kv. metr ərazidə yerləşir. Ötən il isə folklor fondunun yaradılması barədə qərar verilib. Ölkədə folklor materiallarının tam şəkildə qeydiyyatının aparılmasına və elektron bankın yaranmasına böyük ehtiyac var”.
M.İmanov deyib ki, folklor bankının yaranması folklor materiallarının toplanmasını həyata keçirən müxtəlif qurumların da fəaliyyətinin əlaqələndirilməsinə səbəb olacaq: “Ayrı-ayrı institutların müvafiq fakültələri də bu işlə məşğuldur. Onların hamısının topladığı materialların qeydiyyatı əsasında bilmək olacaq ki, ölkədə nə qədər nağıl, dastan və digər folklor nümunəsi qeydə alınıb və arxivləşdirilib. Azərbaycanda hələ folklorla bağlı arxiv işi lazımi səviyyədə qurulmayıb. Bu, qarşımızda dayanan ən vacib problemlərdən biridir”.