Bakı. Ülkər Qasımova – APA. Bu il mayın 29-dan iyunun 1-dək Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, forumla bağlı hazırlıq işlərinə artıq başlanılıb. II Bakı Forumu "Dünyanın gələcəyini necə quraq" devizi altında keçiriləcək və ali qonaqların iştirakı ilə ilk plenar sessiya bu mövzuda aparılacaq.
Azərbaycanın ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilin aprelində Bakıda reallaşan ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri və dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olub. Foruma 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələri qatılıb.