Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramının “İmzalı görüş” layihəsi çərçivəsində Müəllimlər İnstitutunda yazıçı-publisist Rəşad Məcidlə görüş keçirib. Fonddan APA-ya verilən məlumata görə, tədbirdə qurumun əməkdaşları, Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru Razim Məmmədov, institutun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Azərbaycan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru Razim Məmmədov Bilik Fondunun gənclər arasında apardığı maarifçilik işindən, bu istiqamətdə həyata keçirilən layihələrin səmərəsindən danışıb.
Rəşad Məcidin jurnalistlik fəaliyyətindən söz açan Fondun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova gənclərin çağdaş ədəbiyyata olan marağını, belə görüşlərin bu tələbatdan doğduğunu vurğulayıb.
Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı Rəşad Məcidin bədii yaradıcılığından söz açaraq, onun əsərlərindən nümunələr gətirib, yazarın xüsusilə “10 sentyabr” hekayəsi haqqında tələbələrə məlumat verib.
Rəşad Məcidin şeirlərini struktur, dil və ideya baxımından şərh edən tənqidçi Nərgiz Cabbarlı yazarın yaradıcılığı barədə ətraflı danışıb.
Tələbələr Rəşad Məcidin yaradıcılığından nümunələr söyləməklə onları maraqlandıran mövzularda fikir mübadiləsi aparıblar.
Gənclərin suallarını cavablandıran müəllif kitablarını öz imzası ilə oxucularına hədiyyə edib.