Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarı qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Amerika səfirliyinin dəstəyi ilə kitabxana, mədəniyyət və incəsənət sahəsində layihələr müzakirə olunub.
R. Morningstar regionlarda fəaliyyət göstərən kitabxanalarda Amerikanın “Corners” proqramının koordinatorlarının fəaliyyətinə nazirlik tərəfindən dəstək verilməsini xahiş edib. Ə. Qarayev isə yeni təmir olunmuş mədəniyyət müəssisələrinin yüksək texniki avadanlığının idarə edilməsi və müvafiq kursların təşkil olunmasında kömək istəyib. O, səfirdən 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Amerikadan nüfuzlu dövlət xadimlərinin dəvət olunması istiqamətində dəstək göstərilməsini də xahiş edib.