Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kuba Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Omar Medina Kintero ilə görüşüb. APA-nın məlumatına görə, nazir Azərbaycan-Kuba hökumətlərarası komissiyasının həmsədri kimi əməkdaşlığın iqtisadi, mədəni, turizm, səhiyyə və digər sahələrdə canlandırılmasının zəruriliyini vurğulayıb. Bu məqsədlə o, qarşılıqlı səfərlərin təşkili və komissiyanın növbəti iclaslarının keçirilməsini təklif edilib. Səfir isə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını söyləyib. O, cari ilin payızında Bakıda Kuba rəssamlarının əl işlərindən ibarət sərginin təşkilində nazirliyin dəstəyini xahiş edib.
Ə. Qarayev Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova ilə də görüş keçirilib. Görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, mövcud müqavilə-hüquq bazasının əməkdaşlığın inkişafına təkan verdiyi bildirilib. M. Hristova Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması məsələsinə toxunub, bunun turistlərin vaxt itirmədən səfər etmələri üçün şərait yaradacağını qeyd edib. Ə. Qarayev bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunmasını tövsiyə edib.