Strasburq. Fuad Qulubəyli-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Parisdəki səfirliyinin, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə Fransada keçirilən Azərbaycan Günləri çərçivəsində Fransanın Elzas regionunun üç böyük şəhəri - Müluz, Strasburq və Kolmar şəhərlərində "Qafqazın mirvarisi Azərbaycanın mədəni dəyərləri" layihəsi adlı silsilə mədəni tədbirlər keçirilir. APA-nın Avropa bürosunun məlumatına görə, fevral ayının 1-3-də Müluz şəhərində sərgi və şəhərin "Sin" teatrında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub. Fevralın 8-10 Elzas regionun paytaxtı Strasburq şəhərində “Sərgilər Parkı” adlı sərgi kompleksində Azərbaycanın milli musiqi alətləri, xalça və digər incəsənət nümunələrindən ibarət iki günlük sərgi keçiriləcək. Bundan başqa, fevralın 9-da Strasburqun Musiqi və Konqres zalında Qara Qarayev adına Azərbaycan dövlət simfonik orkestrinin konserti keçiriləcək. Konsertdə Azərbaycan xalq mahnıları, Azərbaycan və əcnəbi bəstəkarların kompozisiyalarından ibarət müxtəlif musiqi parçaları dinləniləcək.
Xatırladaq ki, Azərbaycan Strasburqda hər il keçirilən “Tourissimo” adlı turizm, səyahət və müxtəlif mədəni tədbirlər sərgisinə bu il əsas qonaq qismində dəvət olunub və bu sərgi çərçivəsində sərgi iştirakçılarına Azərbaycan haqda, bu ölkəyə səyahət etmə haqda bütün lazımi məlumatlar veriləcək. Qeyd edək ki, Strasburqda hər il keçirilən “Tourissimo” salonu Fransada çox məşhur bir sərgidir və bunun üçün ayırılmış 12000 kvadrat metr ərazidə Fransadan və xaricdən gətirilmiş 10 minlərlə maraqlı əşya nümayiş etdirilir. Sərgiyə Fransanın bir çox tanınmış turizm agentlikləri, təyyarə, gəmi, qatar və avtomobillərlə səyahətlər təşkil edən müxtəlif firmalar, əyləncə parklarının nümayəndələri dəvət olunur və sərgiyə gələn qonaqlara yay tətillərini keçirmək üçün müxtəlif ölkələrə əlverişli putyovkalar təqdim olunur.
Azərbaycanın “Tourissimo 2013” sərgisinin əsas qonağı olması ilə bağlı artıq Fransanın və Strasburqun bir çox mədəniyyət dair internet səhifələrində tədbir haqda reklamlar yayımlanır, ölkəmiz haqqında məlumatlar verilir, Strasburq küçələrində isə xüsusi afişalar asılır.
22-24 fevralda isə Elzas regionun digər böyük şəhəri olan Kolmarda da Azərbaycan Mədəniyyət Günləri çərçivəsində analoji sərgi və konsert təşkil ediləcək.