Bakı. Ülkər Qasımova – APA. İsveçrənin Bern şəhərində Avropa Şurasının və İsveçrə Hökumətinin birgə təşkilatçılığı ilə Avropa İrs Şəbəkəsi (HEREİN) layihəsinin koordinatorlarının işçi qrupunun görüşü keçirilir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Bərpa-layihələndirmə və ekspertiza sektorunun aparıcı məsləhətçisi Teymur Vəliyev təmsil olunur. Nazirlikdən APA-ya verilən məlumata görə, İşçi qrupunun görüşünün keçirilməsinin əsas məqsədi layihənin elektron məlumat bazasının yenilənməsi ətrafında müzakirələrin aparılmasıdır.
Avropa İrs Şəbəkəsi (HEREİN) 1999-cu ildə Avropa Şurası tərəfindən təsis edilib və təşkilata üzv dövlətlərin mədəni irs sahəsində dövlət siyasətini həyata keçirən orqanların koordinasiyasını təşkil edən beynəlxalq şəbəkədir.