Bank Of Baku

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində olub

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Tərcümə Mərkəzində olub
# 16 iyun 2015 12:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Assad Xose Xater Penya Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, qurumun direktoru Afaq Məsud nəşrlərin siyahısı yer alan kataloqu və Qabriel Qarsia Markesin Azərbaycan dilində çap olunan kitabını Assad Xoseyə təqdim edib.

 

O bildirib ki, 1996-cı ildə işıq üzü görən kitab ilk dəfə Markesi ölkəmizə Azərbaycan dilində tanıdan kitabdır. A. Məsudun sözlərinə görə, bu kitab, eləcə də dünya ədəbiyyatından tərcümə edilmiş yüzlərlə kitab mərkəzin ən kasıb, imkansız vaxtlarında qurumun öz qüvvəsi, ədəbiyyata olan sədaqəti və sevgisi ilə ərsəyə gətirilib.

 

“Uzun illər dünya ədəbiyyatının ən aparıcı yazıçılarının əsərlərini Azərbaycana gətirən mərkəz, bu gün öz milli ədəbiyyatının da dünyada tanıdılmasına çalışır, bununla bağlı dünyanın aparıcı qurumları ilə əlaqələr yaradır, iş birlikləri qurur. Yeni tərtib etdiyimiz iki cildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” hazırda bir neçə dilə tərcümə edilir və bu kitabın həmin ölkələrin nüfuzlu nəşriyyatlarında nəşri nəzərdə tutulur. Bu nəşrin, həmçinin dünyanın aparıcı dillərindən olan ispan dilinə tərcümə edilməsini də vacib sayır, tərcümə prosesində ispan dili daşıyıcıları olan bədii tərcümə ustalarının, yazıçı və şairlərin iştirakını mühüm hesab edirik”, - deyə o vurğulayıb.

 

A. Xose isə mərkəzin gördüyü işləri, ədəbiyyata, bədii tərcüməyə olan münasibətini yüksək dəyərləndirərək Markesə olan sevgidən bir kolumbiyalı kimi qürur duyduğunu bildirib. Azərbaycan-Kolumbiya əlaqələrinin möhkəmlənməsində əsaslı rolu olan tərcümənin, ədəbi əlaqələrin əhəmiyyətindən söz açan müvəqqəti işlər vəkili Azərbaycan və Kolumbiya şairlərinin şeirlərinin yer alacağı “Azərbaycan- Kolumbiya poeziyası toplusu”nu nəşr etmək təklifini irəli sürüb: “Azərbaycan ədəbiyyatının ispan dilinə tərcüməsi, Kolumbiyada tanıdılması, həmçinin Azərbaycanda ispan dilinin tədrisi sahəsində də sizə öz köməkliyimizi əsirgəməyəcəyik. Kolumbiyada tez-tez dünya poeziyası festivalları keçirilir. Azərbaycan şairlərinin bu festivallara qatılması bizim üçün çox xoş olardı”.

 

Görüşün sonunda mərkəzin nəşrləri, Qabriel Qarsia Markesin əsərlər toplusu diplomata hədiyyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR