Bakı. Cavid Zeynallı – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrının quruluşunda “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya və marionet kuklalarının sərgisinin açılışı keçirilib.
İdarədən APA-ya verilən məlumata görə, tədbirdə qurumun rəhbəri Samir Nuriyev bildirib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas məqsədi xalqda milli dəyərlərə bağlılığı qoruyub saxlamaq, mədəni irsi yaşadıb gələcək nəsillərə ötürməkdən ibarətdir: “Tarixi və mədəni irsin, milli-mənəvi dəyərlərin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlərin həyata keçirilir”.
Qeyd olunub ki, Marionet Teatrı 2011-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası dəfələrlə tamaşaya qoyulub. Hazırda İdarə tərəfindən Marionet Teatrının üçmərtəbəli binasının bərpası davam etdirilir və işlərin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Sərginin başa çatdırılmasından sonra “Leyli və Məcnun” marionet tamaşasının məşqləri başlanacaq və həmin tamaşa “Arşın mal alan” tamaşası ilə yanaşı səhnələşdiriləcək.
Sərgi mayın 29-dan iyulun 1-ə kimi davam etdiriləcək. Giriş pulsuzdur.