Bakı. Kəmalə Quliyeva-APA. Milli Məclisin payız sessiyasında qəbul etdiyi “Mədəniyyət haqqında” qanun layihəsi ilə əlaqədar bir sıra sahə qanunlarında dəyişiklər gözlənilir. Bu barədə APA-ya Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, artıq ölkədə mədəniyyət sahəsində bir sıra sahə qanunları - “Nəşriyyat işi haqqında”, “Kitabxana fəaliyyəti”, “Kinematoqrafiya haqqında”, “Teatr sənəti” haqqında qanunlar var: “Biz “Mədəniyyət haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar bu qanunların əksəriyyətində dəyişikliklər etməli olacağıq. Qanunda olan yeniliklər sahə qanunlarında da nəzərə alınacaq. Bir sıra anlayışlar yenilənməlidir. Qanunda beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin təbliği ilə, mədəni irsin qorunması ilə əlaqədar çoxlu yeni müddəalar var. Bunlar həmin qanunlarda nəzərə alınacaq”.
N. Cəfərov deyib ki, artıq Komitə tərəfindən “Muğam sənəti haqqında” qanun layihəsi hazırdır və MM-in yaz sessiyasına təqdim olunacaq. “Aşıq sənəti haqqında” qanun layihəsi isə hazırlanır. Komitə tərəfindən “Kulinariya mədəniyyəti haqqında” qanun layihəsinin hazırlanması planlaşdırılır.